mobil versiya

COP29-un yeni versiyada rəqəmsal məlumat platforması istifadəyə verilib



11-22 noyabrda Bakıda keçiriləcək COP29 konfransının rəsmi rəqəmsal məlumat platformasının yenilənmiş versiyası istifadəyə verilib.


Təkmilləşdirilmiş versiyada olan veb-sayt COP29 konfransı ilə bağlı maraqlı tərəflərin əhatəli məlumatla təmin olunmasına xidmət edir.
Reportyor.az xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb.
Konfrans iştirakçıları, yerli və beynəlxalq media, ictimaiyyət üçün iqlim konfransına dair ən aktual məlumatları operativ şəkildə təqdim edən yeni veb-sayt inklüzivlik və müyəssərlik tələbləri nəzərə alınaraq hazırlanmışdır. Veb-sayt görmə məhdudiyyətli şəxslər üçün xüsusi uyğunlaşdırılmış interfeysi təmin edərək, hər kəsin rahat və sərbəst istifadəsinə imkan yaradır.
Yenilənmiş resurs qlobal iqlim konfransının mediada geniş işıqlandırılması üçün mətbuat nümayəndələrinə ən son məlumatlara çıxış imkanı verir. Rəqəmsal məlumat platformasında COP29-la əlaqədar informasiyaların operativ şəkildə yenilənməsi medianın dəqiq və vaxtında məlumat almasına imkan verir. COP29 rəsmi veb-saytının digər mühüm yeniliklərindən biri media nümayəndələrinin COP29-la əlaqədar tədbirlərdən çəkilmiş yüksəkkeyfiyyətli foto və videoları əldə edə biləcəyi eksklüziv multimedia qalereyasıdır. Bu resurs jurnalistlərə COP29-un əhəmiyyətini geniş auditoriyaya daha təsirli şəkildə çatdırmaq üçün peşəkar vizual materiallardan istifadə etməyə fürsət yaradır.
İstifadəçilərin məlumatlara çıxışını təmin edən tez-tez verilən suallar (FAQ) bölməsində isə konfransda iştiraka dair hər kəsi maraqlandıran aktual suallar və cavablar əhatə olunub və bu bölmə mütəmadi olaraq yenilənir. Bundan əlavə, yeni veb-saytda istifadəçilər üçün real vaxtda sualların cavablandırılması üçün “Chatbox” xidməti də istifadəyə verilib. Bu xidmət istifadəçilərin konfransın təşkilati və texniki detalları barədə informasiya əldə etməsini asanlaşdırır.
COP29 rəqəmsal məlumat platformasında iştirakçılar üçün konfransın Mavi və Yaşıl Zonalarında yerləşəcək pavilyonlarla bağlı məlumatlar, qonaqlama, e-viza, akkreditasiya, qidalanma, tədbir məkanında naviqasiya və digər xidmətlər haqqında geniş məlumatlar da yer alıb.

KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 09:00