Bu ölkələrdən heyvandarlıq və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
AQTA-dan bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fələstin Dövlətinin Beytləhm əyalətində dabaq, Yunanıstan Respublikasının Peloponnes, Qərbi Yunanıstan və İon adalarında, Bolqarıstan Respublikasının Sliven vilayətində xırdabuynuzlu heyvanların çiçək, Almaniya Federativ Respublikasının Baden-Vürtemberq, Bavariya, Brandenburq, Hamburq, Meklenburq-Ön Pomeraniya, Saarland, Saksoniya, Saksoniya-Anhalt, Şlezviq-Holşteyn, Türingiya, Bremen vilayətlərində, Liviya Dövlətinin Benqazi inzibati ərazi vahidində, Polşa Respublikasının Nijnesilezsk inzibati ərazisində, Portuqaliya Respublikasının Portaleqri dairəsində blutanq, Polşa Respublikasının Slask inzibati ərazisində, Yeni Zelandiyanın Kenterberi regionunda, Rumıniyanın Timiș inzibati ərazi vahidində, Amerika Birləşmiş Ştatlarının Montana, Minnesota ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Beytləhm əyalətində xəstəlik baş vermiş təsərrüfatdan 10 kilometr radiusda olan məsafədən çütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, Peloponnes, Qərbi Yunanıstan və İon adalarında, həmçinin Sliven vilayətində xəstəlik baş vermiş təsərrüfatdan 10 kilometr radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanların, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına, Baden-Vürtemberq, Bavariya, Brandenburq, Hamburq, Meklenburq-Ön Pomeraniya, Saarland, Saksoniya, Saksoniya-Anhalt, Şlezviq-Holşteyn, Türingiya, Bremen vilayətlərində, Benqazi, Nijnesilezsk inzibati ərazilərində və Portaleqri dairəsində xəstəlik baş vermiş təsərrüfatdan 150 kilometr radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına, Kenterberi regionunda, Slask, Timiș inzibati ərazilərində və Montana, Minnesota ştatlarında xəstəlik baş vermiş təsərrüfatdan 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 13:10