mobil versiya

Salamat qal utancaq adam




22-23 öncə Qarabağ Əlilləri Cəmiyyətinin "Əlillər" qəzetini qururduq. Rey, rəhmətlik Müştəba Əliyev və mən. 

Dedilər qəzetin loqosunu müəyyənləşdirək. Rəşid Şerifə müraciət etməyi məsləhət gördülər. "Azadlığ"ın çayxanasında görüşdük. Əsərlərini çox görmüşdüm, amma ilk dəfə görüşürdük. Məsələni dedim gülümsədi. Üzr istəyirmiş kimi dedi: -Sabah yox birigün olsa olarmı? Kəndə gedəcəm. Təbii ki, problem olmadığını dedim. Bir də üzrxahlıq elədi ki, Mərdəkanda yaşayıram. (O vaxt kəndlərə gəlib getmək o qədər də asan deyildi.) Elə tərzdə dedi ki, elə bil onun mənə işi düşmüşdü. Çox mədəni və nurlu adam idi. Açığı aşırı üzrxahlığı bir az təəccüblü gəldi mənə. Amma 2 gün keçdi və bunun səbəbi aydın oldu. Vədələşdiyimiz vaxt görüşdük. Hətta iki variant çəkib gətirmişdi.

Təbi ki, Rəşid Şerifin işinə qiymət vermək mənlik deyildi. Eskizləri götürdüm və zəhməthaqqını soruşdum. Və adam elə bil nəinki həyatda gördüyü, hətta təsəvvür belə etmədiyi bir hadisə ilə qarşılaşmışdı. Həyəcandan cümlə qura bilmədi. Təxminən qırıq-qırıq belə sözlər dedi: - Nə danışırsınız... Belə şeyə... Zad.. Şeydi... Almaq pul... Olmaz axı... Qırımından hiss elədim ki, söhbəti uzatmağın mənası yoxdur. Pul götürməyəcək. Düzü özüm də utandım. Təşəkkür edib ayrıldım. O qədər sevinirdim ki. Sevinirdim ki, belə adam da gördüm. Redaksiyada hadisəni danışdım.

Təbi ki, hamı təşəkkürünü bildirdi. Amma dedilər gərək pulu verəydin. Kasıb adamdı, əziyyət çəkib. Əsərlərindən tanıdığım Rəşid Şeriflə birinci, həm də sonuncu görüşüm belə oldu. Buna adekvat olmayan, amma əlaqəli bir hadisəni də yazmasam olmaz. Deyirdim axı "Əlillər" qəzetini qururduq. Baş redaktor Müştəba Əliyev mənə 20 səhifəlik bir "proqram" verdi ki, sən də bax. Oxudum. Kimsə öz aləmində guya qəzetin proqramını yazmışdır. Məsələn, "proqram"da qeyd olunurdu ki, birinci səhifədə əsas məqalənin manşetini vermək lazımdı. Elə bil kimsə istənilən qəzeti qabağına qoyub "proqram"ı yazmışdı. Qəzetçilər bunun necə dələduzluq olduğunu anlayır. Ehtiyatla baş redaktordan soruşdum: - Müştəba müəllim siz yazmısınız? Əziyyət çəkmək nəyə lazım idi? Zatən bunu hamımız bilirik. Rəhmətlik ciddi şəkildə qayıtdı ki, yox. Filankəs yazıb, ona da filankəs deyib. Və 500 dollara danışıb.

Elə bil məni "tok" vurdu. Təsəvvür edin ki, Rəşid Şerif zəhmət çəkdiyi işə görə pul təklif edildiyinə görə "havalanır". Bu şərəfsizlər isə qazilər təşkilatından pul qopartmağı planlaşdırırmış. Həmin vaxt 500 dollar böyük pul sayılırdı. Bu filankəslər kimlər idi? Sifariş edən adam uzun illərdir Qarabağ harayı salan hamının tanıdığı biridir. Qazilər Cəmiyyətində də hamı ilə şəxsi münasibəti vardı. Axı adam "vətən fədaisi" idi (Elə indi də). Yazan isə içtimai həyatda demokrat qılaflı "görkəmli filosof".

Dedim qələt eləyirlər. Birincisi bu dələduzluqdur. İkincisi də "filosof" nə vaxtdan qəzet proqramı tutan olub?

Bir necə gün keçdi Müştəba müəllim dedi bilirsən nə oldu?

- Yox.

- Sifariş edən gəldi və qırğın saldı ki, pulu ver. Etimad da dedi (baş qazi Etimad Əsədov) verin rədd olsun.

- Nə qədər?

- 500 dollar. İndi düşünürəm ki, nə yaxşı Rəşid Şerifi gördüm. Salamat qal utancaq adam.



KARUSEL / YAZARLAR
Tarix: 27-03-2020, 20:00