Azərbaycan startap ekosistemi üçün itirilmiş onilliyin əvəzini necə çıxarmq olacaq?

Xatırlayıram ki, 2012-ci ildə Azərbaycan İnternet Forumunun üzvləri, sektorun müstəqil ekspertləri və İT biznes nümayəndələri ilə birlikdə ilk dəfə Bulvarda toplaşaraq "Startap Azərbaycan" icmasının yaradılmasını müzakirə etmişdik.
2013-cü ildə artıq "Startap Azərbaycan" adı ilə fəaliyyətə başladıq, ölkə miqyasında böyük işlərə başladıq və ölkənin bütün maraqlı tərəflərinin iştirakı ilə startap ekosisteminin inkişafına həsr olunan ilk geniş konfransı təşkil etdik.
Konfransda səsləndirilən çoxsaylı təklifləri ümumiləşdirərək hökumətə təqdim etmişdim.
Həmin təkliflərin ən vaciblərindən biri də vençur maliyyələşməsi və startaplar üçün müasir investisiya mexanizmlərinin hüquqi əsaslarının yaradılması idi.
Təkliflərin bir xeyli hissəsi həyata keçdi. Lakin vençur maliyyələşməsi ilə bağlı qanunvericiliyin formalaşması üçün 10 ildən çox vaxt lazım oldu.
Bir neçə gün öncə Prezident tərəfindən vençur kapitalı fondları və kraudfandinq mexanizmləri ilə bağlı mühüm qanunvericilik dəyişiklikləri təsdiqləndi.
Ən maraqlısı isə odur ki, həmin illərdə bəzi qonşu ölkələrdə hələ "startap" anlayışı belə yeni formalaşırdı, yaxud yeni başlayirdı. Sonradan isə onlar daha çevik qərarlar qəbul etdilər.
Özbəkistan, Ermənistan, Gürcüstan və digər ölkələr ötən illər ərzində vençur qanunvericiliyini qəbul etdi, fondlar yaratdı, investorları cəlb etdi və regionun innovasiya xəritəsində rəqabətə davamlılıqlarını xeyli gücləndridilər.
Əlbəttə, demək doğru olmazdı ki bizim aidiyyatı qurumlar "yatmışdılar".
Bildiyim qədər RİNN-də, ASAN-da, KOBİA-da müxtəlif dövrlərdə vençur qanunvericiliyi ilə bağlı layihələrin hazırlandığı , mövcud olduğu açıqlanırdı. Ancaq müxtəlif səbəblərdən, bəlkə də səlahiyyət davalarından, bəlkə də mənasız qısqanclıqlardan və ya mənasız razılaşdırmalardan dolayı bu təşəbbüslər uzun illər nəticə verməyib.
Nəhayət, Mərkəzi Bank bu təşəbbüsü üzərinə götürdü və bildiyim qədər İRİA-nın da yaxından dəstəyi ilə bütün maraqlı tərəflərin razılığı əsasında layihənin qəbuluna nail olundu.
Mərkəzi Bankın, bu prosesin sürətlənməsinə nail olan İRİA-nın səyləri təqdirəlayiqdir
Amma o fikirdə qalıram ki, məhz qlobal vençur bazarının sürətlə böyüdüyü həmin dövr Azərbaycan startap ekosistemi üçün itirilmiş onillik oldu. Hansı ki bizim start vəziyyətimzi qat-qat qonşulardan üstün idi. Həm resurs, həm də insan kapitalı baxımından.
Yeni qanunlarla tanış oldum.
Ümumilikdə onları ekosistem üçün çox mühüm və düzgün addım hesab edirəm. İlk dəfə vençur fondlarının fəaliyyəti hüquqi əsasda tənzimlənir, xarici investorların bazara daxil olması və beynəlxalq investisiya alətlərinin tətbiqi üçün imkanlar yaranır.
Bununla yanaşı, müəyyən məhdudiyyətlər də var.
Məsələn, vençurla bağlı hazırkı model əsasən peşəkar (akkreditə olunmuş) investorlar üzərində qurulub və adi vətəndaşların vençur fondlarına sərbəst investisiya etməsi nəzərdə tutulmur. Hesab edirəm ki, gələcəkdə risklər nəzərə alınmaqla müəyyən limitlər çərçivəsində fiziki şəxslərin də bu prosesə qoşulmasına imkan yaradılması faydalı olardı.
Kraudfandinqdə isə adi vətəndaşların iştirakı mümkün oilsa da ,xaricdə qeydiyyatdan keçmiş Azərbaycan startapları bu mexanizmdən istifadə edə bilməyəcəklər. Əsasən səhm və borc əsaslıdır, kimsə hansısa formada mükafatla, ya ianə ilə qoşula bilməyəcək.
İndi isə əsas məsələ qanunların qəbulundan sonra onun real işləməsini təmin etməkdir.
Yeni vençur fondlarının yaranması, mələk investorların fəallaşması, korporativ innovasiya proqramlarının genişlənməsi və beynəlxalq investorların Azərbaycana cəlb olunması istiqamətində daha çevik addımlar atılmalıdır.
Son aylarda İRİA-da da bu istiqamətdə dinamikanın artdığı müşahidə olunur.
Ümid edirəm ki, Prezidentin təsdiqlədiyi bu hüquqi dəyişikliklər Azərbaycanın startap ekosisteminə yeni nəfəs verəcək və itirilmiş illərin əhəmiyyətli hissəsini qısa müddətdə kompensasiya edə biləcəyik.
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:06


























