Rasim Məmmədov indi də jurnalisti həbs etdirmək istəyir – ilginc iddialar
Zaur Qəriboğlu: “Bu adamlar Azərbaycan dövlətinə, xalqına zərbə vurublar, ölkə iqtisadiyyatını çökdürüblər”
“Baku Steel Compani”nin rəhbəri Rasim Məmmədov “Reaksiya TV”nin rəhbəri Zaur Qəriboğluna qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Rasim Məmmədov jurnalistin həbsini tələb edir.Zaur Qəriboğlu ona qarşı iddianı qanunsuz və əsassız hesab edir, bildirir ki, məhkəmə iddianı icraata qəbul edə bilməzdi. Jurnalist “Yeni Müsavat”a deyib ki, Rasim Məmmədovun özünə cinayət işi başlamaq lazımdır.
Z.Qəriboğlu iddia edir ki, Ramiz Mehdiyev PA rəhbəri olanda Rasim Məmmədov ona arxalanaraq, səlahiyyətlərindən istifadə edərək iş adamlarını, azad sahibkarlığı çökdürməyə çalışıb: “Bu adamlar Azərbaycan dövlətinə, xalqına zərbə vurublar. Ölkə iqtisadiyyatını çökdürüblər”.
Zaur Qəriboğlu deyir ki, Rasim Məmmədovun ona qarşı iddiasını Yasamal Rayon Məhkəməsinin ildırım sürəti ilə icraata qəbul etməsi suallar doğurur: “Bilirik ki, belə işlərlə bağlı məhkəmələr icraata qəbul etmə məsələlərində bir qədər həvəsli deyillər. Çünki belə işlər birbaşa olaraq ifadə azadlığına qarşıdır. Amma Rasim Məmmədovun iddiası məhkəməyə çatan kimi icraata qəbul olunub, hakim də müəyyən olunub, hətta vaxt da təyin edilib! Belə işlər üzrə praktika var və Rasim Məmmədovun iddiasının icraata qəbul edilməsi sürəti praktikadan kənardır. Rasim Məmmədov 147 və 148-ci maddələrlə barəmdə cinayət işi başlanmasını tələb edir. 11 iyun 12:00-da hakim Günel Əkbərlinin sədrliyi ilə ilkin iclas olacaq”.
Jurnalist deyir ki, Rasim Məmmədovu özündən çıxaran veriliş rəhbəri olduğu internet tv-də yayınlanıb: “Bakı Poladtökmə” zavodunun direktoru Ramiz Əhmədov və hüquqşünası Vahid Rəsulov verilişdə Rasim Məmmədov tərəfindən başlarına gətirilən müsibətlər haqda danışmışdılar. Ümumiyyətlə isə Rasim Məmmədovun qara metallurgiya sahəsində çalışan iş adamlarının başına açdığı oyunlar haqda bizim TV vasitəsilə digər iş adamları da çıxışlar ediblər. Misal üçün, keçmiş deputat Nazim Bəydəmirlinin bu gün də Rasim Məmmədovla məhkəmə çəkişmələri var. Rasim Məmmədov Azərbaycanda qoçuluq edir. Dəmir-metallurgiya sahəsində olan iş adamlarının başına oyun açırlar. Ramiz Mehdiyevin vəzifədə olarkən bu adamlara dəstək olub və bu da Ramiz Mehdiyevi hər yerdə mənəvi atası kimi qələmə verir. Bu adamlar ölkə iqtisadiyyatına birgə zərbə vurublar. Ramiz Mehdiyevin səlahiyyətlərindən istifadə edərək adamları tutdurublar. Təsəvvür edin, zavodlara basqınlarda maskalı adamlar girib. Rasim Məmmədovun o vaxtı maskalı adamları olub. Maskalı adamlar silahla girib məcburi surətdə şirkətləri öz adlarına keçiriblər. Baş verənlər cinayətdir. İndi bu adamlar iddia edirlər ki, guya bu həqiqətləri efirdə səsləndirməklə bunların şərəf və ləyaqətini təhqir etmişik. Halbuki onların haqqında efirdən qeyri-etik ifadə səslənməyib, sadəcə, etdiyi əməlləri jurnalist olaraq şərh etmişəm. Hər bir jurnalistin şərh vermək hüququ var. Rasim Məmmədov çox balaca adamdır, o, Ramiz Mehdiyevin sifarişi ilə bizi məhkəməyə verib".
Zaur Qəriboğlu
Zaur Qəriboğlu deyir ki, hazırda qeyri-rəsmi olsa da, bu adamlardan hesab sorulur: “Bunlar vəzifədən uzaqlaşdırılandan sonra onlardan hesab sorulur ki, sən bu millətə niyə ziyan vurub zülm etmisən? Niyə bu dövlətə xəyanət etmisən? Bu məsələlər qapalı gedir. Biz bu məsələləri ictimailəşdiririk, bu adamlar da bu məsələlərin günahını bizdə görürlər. Bu adamların etdikləri Azərbaycan dövlətinə, Azərbaycan dövlətçiliyinə qarşıdır. İlin-günün bu vaxtında, Azərbaycan dövləti pandemiya ilə mübarizə apardığı dövrdə bu adamlar cəmiyyətdə çaxnaşma yaradırlar, bir jurnalisti məhkəməyə verib həbs etdirmək istəyirlər. Rasim Məmmədovun adını istənilən şəxs internet axtarış sistemlərinə daxil etməklə görə bilər ki, o, iş adamı deyil, qoçuluqla məşğul olub. Mən də bunu demişəm. Bu gün Azərbaycanın iqtisadi durumunun çətin olmasının ən başlıca səbəbi inhisarçılıqdır. Bu gün çox şükür ki, inhisarçılıqla mübarizə aparılır. Bu inhisarçılar birdəfəlik can vermək istəmirlər. Bu adamlar qoçuluqla, silahlı dəstələr saxlamaqla, jurnalistləri məhkəməyə verib susdurmaqla, bunlara tabe olmayan şirkətləri dövlət vəzifələrindən sui-istifadə etməklə külli miqdarda cərimələr yazdırmaqla çökdürərək ölkə iqtisadiyyatını inhisara alıblar, xüsusi olaraq qara metallurgiya sahəsini uzun müddət nəzarətlərində saxlayıblar”.
Zaur Qəriboğlu baş verənlərlə bağlı efir üzərindən Baş Prokurorluğa da müraciət ünvanlayıb: “KİV-də yayılan faktlarla bağlı dərhal araşdırma başlanılmalıdır və efir vasitəsilə müraciətim olub. Hazırda ölkənin tanınan 5 vəkili ictimai əsaslarla müdafiəmə qalxıb. Baş Prokurorluğun da məsələni araşdıracağına və Rasim Məmmədovun əməllərinə qiymət veriləcəyinə ümidliyəm”.
Zaur Qəriboğlu deyir ki, Rasim Məmmədovun iddiası əsassızdır və ümumiyyətlə icraata qəbul edilə bilməzdi: “Söz və ifadə azadlığı yoxdursa, inkişaf da yoxdur. Digər tərəfdən də məhkəmənin iddiaya göstərdiyi böyük maraq da anlaşılan deyil. Qaradağ rayonunun sakiniyəm, rəhbərlik etdiyim TV-nin qeydiyyatı da Səbayel rayonu ərazisindədir. Yasamal Məhkəməsi elementar olaraq elə bu səbəblərdən işi icraata qəbul edə, ilkin iclas təyin edə bilməzdi. Üstəlik, pandemiya dövründə məhkəmənin işə bu qədər həvəslə yanaşması sıradan bir hal kimi qəbul edilə bilməz. Bunlar bir dəstədirlər və vəzifələrdə oturanları da var ki, Azərbaycan dövlətinə qarşı çıxırlar. Zaman-zaman həmin adamların da kimlikləri ortaya çıxacaq, kimlər ki, bu ölkədə qarışıqlıq yaratmaq istəyirlər, layiqli cəzalarına çatacaqlar. Bu adamların Azərbaycan mətbuatına hücumlarının qarşısı ən yüksək səviyyədə alınmalıdır”.
Zaur Qəriboğlunun iddiasına görə, bu gün “Baku Steel Company” dövlətə 1 milyon 200 min manatdan artıq pulu vergi olaraq ödəmir: “Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi mövqeyi var. Demək ki, söylədiklərimiz yalan deyil, bu o deməkdir ki, bu sahəni inhisara almaqla yanaşı vəzifələrindən sui-istifadə etməklə dövlətə də vergi vermirsən. ”Report" xəbər yayıb ki, “Baku Steel Company” və törəmə şirkətinin 1.3 milyon manat vergi borcu var. Bunların özlərinə cinayət işi qaldırmaq lazımdır".
MANŞET / SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 10-06-2020, 10:18