mobil versiya

Ermənistanın Azərbaycana raketlər atması ilə bağlı cinayət işi başlandı




İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri 04.10.2020-ci il, saat 12 radələrində təcavüzkar hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyası və onun Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Xızı rayonunun Türkoba kəndi və Abşeron rayonunun Pirişikül kəndinin yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla 2 ədəd böyük dağıdıcı qüvvəyə malik uzunmənzilli ballistik raketlərdən istifadə edib həmin kəndlər istiqamətində intensiv atəşlər açmaqla Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılmaqla aparılmış və terrorçuluq cinayəti törədilmişdir.

Baş Prokurorluğun Mətbuat Xidmətinidən REPORTYOR.AZ-a bildirilib ki, faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 29, 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdır.

Prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Baş Prokurorluq bəyan edir ki, erməni silahlı birləşmələri tərəfindən hərbi hədəfli obyektlərin vurulması adı ilə döyüş bölgəsindən xeyli uzaqda yerləşən mülki əhalinin sıx yaşadığı ərazilərin və məntəqələrin ağır artilleriyadan atəşə tutularaq dinc əhaliyə qarşı cinayətlərin törədilməsinə görə Ermənistanın və işğal olunmuş Qarabağ bölgəsində yaradılmış qondarma rejiminin kriminal hərbi-siyası rəhbərliyi birbaşa məsuliyyət daşıyır.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 5-10-2020, 14:16