Qazi Vüsal Musayevin intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində müalicə alan Vüsal Musayevin intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı sentyabrın 29-da Goranboy rayonunun Gülüstan kəndi istiqamətində olarkən düşmənin atdığı mərmi partlayışı nəticəsində xəsarət alaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində “partlayış travması, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət” diaqnozu ilə stasionar müalicə alan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər 1985-ci il təvəllüdlü Musayev Vüsal Eldar oğlunun 06 yanvar 2021-ci il tarixdə müalicə olunduğu xəstəxanada özünü asaraq intihar etməsi barədə Bakı hərbi prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qablaşdırılaraq götürülüb və təxirəsalınmaz hərəkətlər icra edilib.
Fakt üzrə Bakı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda iş üzrə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 7-01-2021, 11:45