mobil versiya

Türkiyəli futbolçu əsgərliklə hədələnir: “Ya Avstriyanı seç, ya da…”




Türkiyə millisinin futbolçusu Mert Müldürə Avstriya millisində oynaması üçün təzyiq göstərilir.

Bu barədə “Hürriyet” məlumat yayıb.

İtaliyanın “Sassuolo” komandasında çıxış edən Müldür Avstriyanın Vyana şəhərində anadan olub. Mert Müldür milli komandada çıxış etmək üçün Türkiyəni seçib. Lakin ötən il dekabr ayında Avstriya millisinin baş məşqçisi Franko Foda da Mert Müldürə “Avro-2020”də çıxış edəcək komandasının heyətində oynamaqla bağlı təklif göndərib.

Foda “Gəl bizdə oyna, səni mütləq Avropa Çempionatının final mərhələsinin heyətinə salacağam” - deyib.

Müldür Türkiyə milli komandasının heyətində hazırlıq qarşılaşmasında çıxış etsə də, rəsmi qarşılaşmada oynamadığı üçün hələ də başqa bir ölkənin əsas millisində çıxış etmək şansı var. Lakin o, Avstriya millisinin təklifindən imtina edib və Türkiyə millisində oynamağın uşaqlıq arzusu olduğunu qeyd edib.

Türkiyə millisinin baş məşqçisi Şenol Güneş “Avro-2020”nin seçmə mərhələsində Mert Müldürü Andorra qarşılaşmasında meydana buraxmaq niyyətində olsa da, futbolçunun zədələnməsi planları pozub.

Bunu fürsət bilən Avstriya isə Mert Müldürə qarşı təzyiqlərə başlayıb. Avstriya Futbol Federasiyası və Müdafiə Nazirliyi bu mənada bir növ əməkdaşlığa əl atıb və Mert Müldür hərbi xidmətə çağırılıb.

6 aylıq hərbi mükəlləfiyyəti olan futbolçunun “Sassuolo” ilə müqaviləm var və mövsümün ortasındayıq” sözləri ilə etirazı isə qəbul edilməyib.
Hadisələr bundan sonra daha mürəkkəb məcrada inkişaf edib. Belə ki, rəsmilər “Ancaq Avstriya üçün oynasan, bu problem həll olunar və hərbi xidməti təxirə salarıq” - deyərək futbolçuya təklif ediblər. Hətta ölkənin Müdafiə nazirinin də “Avstriya üçün oynasın, istənilən köməyi edərik” - ifadəsini səsləndirdiyi iddia olunur.

Mert Müldür baş verənlərlə bağlı dərhal Türkiyə Futbol Federasiyasına müraciət edib.

KARUSEL / DÜNYA / İDMAN
Tarix: 6-03-2020, 11:20