mobil versiya

“Nərminin anası dedi ki, rəisdən pul almağa gəlmişəm”




Tovuzun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmə araşdırması davam etdirilir.

REPORTYOR.AZ Qafqazinfo-ya istinadla xəbər verir ki, sonuncu prosesdə Tovuz rayon Polis Şöbəsinin əməkdaşı olmuş, eyni zamanda Nərmini öldürməkdə ittiham edilən İlkin Süleymanovun əmisi oğlu olan Murad Süleymanov ifadə verib.

O deyib ki, meyit tapıldığı günün səhəri şöbədə Nərminin anası Aynurə İsmayılovanı görüb: “Yanvarın 6-da şöbənin qarşısında “razvod” bitdi, içəri keçəndə Aynurə İsmayılovanı gördüm. Dedi ki, rəisdən pul almağa gəlmişəm. Tovuz Rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərovu nəzərdə tuturdu. Uşaq itkin olduğu vaxt axtarışlarda iştirak edən polislərə Nərminin fotosu göstərilmişdi. Meyit yanarkən onu görmüşəm. Daha çox qurşaq, qarın nahiyəsi yandırılmışdı. Dizdən aşağı demək olar ki, yanmırdı. Üzündə də alov gördüyümü xatırlamıram. Amma üzü artıq tanınmaz halda idi. Şəxsən tanımadım ki, Nərmindir, yoxsa yox. Meyitin yanması haqda polis rəisinə xəbər verəndən təxminən 15 dəqiqə sonra rəis və müavini Şahlar Cəfərovla gəldilər, ardınca başqa polislər gəldi. Rəis çatan kimi dedi ki, odur - Nərmindir...”

Fotoda: Murad Süleymanov



Murad Süleymanovun sözlərinə görə, hadisə yerinə gələn rəis və müavinin əmri ilə heç bir aydınlaşdırma aparılmadan İlkin saxlanılıb: “Bundan sonra mənə qarşı da təzyiqlər başlayıb. Rəis Nərmin mövzusunda söhbət düşən hər yerdə qatilin İlkin olmasını deməyi tapşırmışdı. Mən buna etiraz etdiyimə görə münasibətimiz gərginləşdi. Hətta rəis bir gün polis vəsiqəmi aldı, ertəsi gün qaytardı. Daxili işlər nazirinə raport göndərdim ki, özümə və yaxınlarıma qarşı təzyiqlərlə əlaqədar işdən çıxmaq istəyirəm. Bu teleqramdan sonra məni təcili nazir müavini Seyfulla Əzimovun yanına apardılar. Soruşdu ki, işdən çıxmaq istəməyinin səbəbi nədir? Ona rəisin elədiyi haqsızlıqları danışdım. Dedi ki, Şirzad Əsgərov kimdir sənə bunları desin?! Oradan çıxanda məni general Sahib Mirzəyevin otağına apardılar. O da dedi ki, get, işini işlə. Bilirdim ki, Şirzad Əsgərov məni rahat buraxmayacaq, xəbərdarlıq eləmişdilər. Ona görə iki gün sonra yenə nazirə teleqram vurub, işdən çıxdım”.

Nərminin valideynləri Murad Süleymanovu da cinayətdə ittiham ediblər. Onlar iddia edir ki, İlkin bu cinayəti Muradla birlikdə törədib. Hətta Muradın polis olmasından istifadə edərək özünün və İlkinin yaşadığı evdə axtarış aparmağa imkan vermədiyini deyirdilər. Süleymanov məhkəmədə bildirib ki, bu barədə səslənən fikirlər yalandır: “Meyit tapılana qədər nəinki bizim, ümumiyyətlə, kənddəki qonşulardan heç kimin evində axtarış aparılmayıb. Yalnız Nərmingilin özünün və əmisigilin evlərində axtarış aparılıb. Mən kim idim ki, axtarış aparanlara imkan verməyim, adi serjant idim. Məni prokurorluqda Aynurə İsmayılova ilə üzləşdirmişdilər. Böhtan atmışdı ki, guya ona pul təklif eləmişəm. Araşdıranlar da gördü ki, yalandır, bu məsələnin üstünə getmədilər”.

Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi faktını təkzib edir.

Xatırladaq ki, hadisədən bir müddət sonra - 2021-ci ilin yanvarında Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Tovuz Rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərov işdən azad edilib.

REPORTYOR.AZ




MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 7-04-2022, 20:00