“Yazıb ki, Ağ Partiya Ədalət Vəliyevdən “paket” alır” – Tural Abbaslı ilə Kəramət Böyükçöl QALMAQALI BÖYÜYÜR
“Kəramət Böyükçöl hələ rəsmi qaydada məhkəməyə verilməyib, lakin bu istiqamədtdə hazırlıqlar gedir. İllərlə bu şəxs Tural Abbaslı başda olmaqla partiya rəhbərlərinin şəxsinə qarşı böhtan kampaniyası aparır. O, həmçinin partiyaya da şər, böhtan atmaqla məşğuldur və bütün qırmızı xətləri keçərək sosial şəbəkədəki paylaşımlarında şərəf və ləyaqətin alçaldılması kimi addımlar atır”.
Bunu Pravda.az–a Ağ Partiyanın sözçüsü Cavanşir Abbaslı partiya sədri Tural Abbaslının yazıçı Kəramət Böyükçölü məhkəməyə verməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.
“Biz indiyə qədər susurduq. El arasında “Susmaq qızıldır” məsəli olsa da, müəyyən vaxtdan sonra susmaq qızıl olmur. Artıq görürük ki, bu insan bəzi şəxslərdən sifariş alır və bunun əsasında statuslar yazır. Onun yazdıqlarına, dediklərinə bir-iki dəfə susmaq olar, hətta biz daha çox susduq, gözlədik ki, bəlkə düzələr, ancaq o, sonda qırmızı xətti keçdi. Paylaşımlarında təhqirlərə yol verir, həmin yazılara şərəf və ləyaqətin alçaldılması yönündə olan rəylər gəlir, o da bəyənir. Bu o deməkdir ki, o yazılan bu fikirlərə şərik olur. Siyasəti qoyuruq bir kənara, hər kəsin şərəf və ləyaqəti var. Biz şərəf və ləyaqətimizi qorumağı bacarmırıqsa, bəs xalqın ləyaqətini necə qoruyacağıq?! Bizim üçün şərəf və ləyaqət siyasətdən daha üstündür. Təəssüflər olsun ki, Azərbaycan siyasi düşərgəsində də bəzi şəxslər ondan bir aktyor kimi istifadə edirlər, sifarişlər verirlər. Hətta iddialar var ki, ona müəyyən məbləğdə pul verilir ki, o statusları yazsın. Düzdür bununla bağlı konkret sübut yoxdur, ancaq bizə belə məlumatlar gəlir. Biz isə bu məsələyə göz yumduqda partiyanın idarə heyətində, rayon təşkilatlarında, eyni zamanda özümüz də bəzi qruplara nəzarət edirik, orada da görürük ki, bu şəxsin statusları ilə bağlı narahatlıq yaranır. Düşünürlər ki, görəsən o doğrumu deyir ki, partiya rəhbərliyi bununla bağlı heç bir addım atmır… Bu şəxs yazıb ki, Ağ Partiya prezident aparatından, Ədalət Vəliyevdən “paket alır”. Bundan sonra biz onu məhkəməyə vermək qərarına gəldik, daha dəqiq desək, buna məcbur qaldıq. Gəlsin orda sübut etsin ki, kimdən və nə qədər pul alırıq. Ondan başqa bir tələbimiz yoxdur. Gəlib dediklərini sübut etsə, biz Ağ Partiya olaraq Azərbaycan siyasətində fəaliyyətimizi dayandırmağa hazırıq. Sübut edə bilməzsə, üzr istəməlidir.
Dediyimiz kimi, onu cinayət məcəlləsinin 147-ci maddəsini, böhtan atma maddəsini rəhbər tutaraq məhkəməyə verəcəyik. Bu maddədə həmçinin altı aya qədər həbs cəzası nəzərdə tutulur, amma kimisə həbs etdirmək kimi niyyətimiz yoxdur. Lakin hər şey sonda məhkəmənin verdiyi qərardan aslı olacaq. Təbii ki, o şəxsin həbs edilməməsi üçün bizim nümayəndə məhkəmədə çıxış edəcək, ancaq qanunlara da hörmət edirik. Üzr istəməzsə, məhkəmə hansı qərarı verirsə versin” – C.Abbaslı qeyd edib.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 28-04-2022, 11:36