mobil versiya

Hüseyn Abdullayev məhkəmədə bəraət istədi



Sabiq deputat Hüseyn Abdullayev aldığı cəzadan narazı qalaraq apellyasiya şikayəti verib. Abdullayev barəsində bəraət hökmü çıxarılmasını istəyir.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə iclasında Hüseyn Abdullayev çıxış edib.
H.Abdullayev çıxışında deyib ki, cinayət işi materiallarındakı ittihamların ona aidiyyəti yoxdur.
Sabiq deputat məhkəmə zalında olan Almaniya səfirliyinin nümayəndələrinə də müraciət edib:
"Buradan çox hörmətli və ümid yerim olan Almaniya səfirliyinin nümayəndələrinə müraciət edib bildirirəm ki, mənim həyatım və səhhətim çox ciddi və kritik təhlükə altındadır. Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim qanunsuz həbs edilməyimə və hər gün məruz qaldığım mənəvi və ağır psixoloji işgəncələrə biganə qalmayın. Çox inanır və əminəm ki, mənə qarşı yönəlmiş şər-böhtana, eləcə də qeyri-insani münasibətlərə göz yummayacaq və imkan verməyəcəksiz".
Çıxışının davamında H.Abdullayev saxlanılması haqda da danışıb. O, Türkiyədən Azərbaycana gətirildiyini deyib. Hüseyn Abdullayev çıxışının bu yerində yeni yazdığı şeiri ifa edib:
"Qardaş bildiyimiz doğma bir eldən
Əllərim, qollarım bağlı gəlmişəm.
Mən öz ana yurdum, evimə deyil
Qaranlıq zindana gecə gəlmişəm.


Çıxışına davam edən Abdullayev bunları söyləyib:
"Məni həbs etdirən orqanların ilkin iddiası o olub ki, guya ki mən Almaniyadan Azərbaycana zəng etmiş və hansısa Elnur adlı tanımadığım birinə hədə-qorxu gəlmiş və ondan 3000 manat pul tələb etmişəm. İttihamlardan biri də o idi ki, guya ki mən anama aid olan və bütün vergilərini vaxtında və artıqlaması ilə ödədiyi bir binanın tikintisində və satışında hansısa vergidən yayınmış və qanunsuz sahibkarlıq etmişəm. Aparılan 19 aylıq araşdırmadan sonra bəlli oldu ki, ittiham olunduğum maddələrin heç biri öz təsdiqini tapmamış və tam əsassız olduğu üçün ittihamdan çıxarılıb.
Çox hörmətli möhtərəm hakim. Sizi inandırıram və əmin edirəm ki, yerdə qalan və mən Azərbaycana gətirildikdən sonra uydurulan digər maddələr də əsassızdır, məntiqsizdir və quru söz yığımından başqa bir şey deyildir. Hərdən çox fikirləşirəm və içim özümü yandırır. Axı bütün bu baş verənlər və düz 12 ildir ki davam edən təqiblər nəyin qarşılığı və nəyin təşəkkürüdür? Məgər mən ona görə mübarizə aparmışdım ki, kimlərinsə şəxsi marağına və çirkin intriqalarına qurban gedim? Mən ona görə can qoyub, dəfələrlə həyatımı riskə atmışdım ki, təəssübümü və mövqeyimi hər yoldan keçənin ayağına versinlər? Parlamentdə düz söz demişdim deyə və bir millət vəkili olaraq öz vəzifə borcumu yerinə yetirmişdim deyə həbs olunmalıydım? Keçmişdəki xidmətlərimin əziyyəti, xoş niyyəti və əsas məqsədi bir olub. O da doğma vətənimdə azad, demokratik və sözün əsl mənasında hüquqi bir sistemin qurulması və əlbəttə ki dövlətçiliyimizin möhkəmlənməsi. Və heç kimsə elə düşünməsin ki, bugünkü əmin-amanlıq və çox böyük çətinliklərə əldə edilmiş sabitlik göydən düşüb, ya da ki, öz-özünə yaranmışdır. Bu yolda öz cavanlığını və ən gözəl illərini qurban verən var.
Hüseyn Abdullayev qanunsuz olaraq metal alışı və satışı ilə məşğul olması ittihamlarına da şeirlə cavab verib və çıxışını belə yekunlaşdırıb: "Dəfələrlə bildirmişəm, yenə də təkrar edirəm. Mən müstəntiqlərin iddia etdikləri metal biznesini Azərbaycanda deyil, həm də 2000-ci illərdə deyil, tam əksinə olaraq Ukrayna Respublikasında və 90-cı illərdə həyata keçirmişəm.
Mən öz çıxışımı bitirirəm və yekun olaraq bildirirəm ki, Azərbaycandakı məhkəmələrə və hüquq sisteminə inanmaq səhranın ortasında su axtarmaq, yaxud da alça gətirən ağacdan alma gözləmək kimi bir şeydir.
Lakin buna baxmayaraq və hər ehtimala qarşı sizdən mənə bəraət verməyinizi xahiş edirəm. Bunu istəmək mənim hüququm və tam mübahisəsiz haqqımdır".
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə sabiq deputat Hüseyn Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Anası Zeynəb Abdullayeva 4 min manat cərimə edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, Vergilər Nazirliyi tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində “Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.
3 oktyabr 2016-cı il tarixdə H.Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməməkdə də ittiham edilir.
Həmçinin Almaniyadan istifadəsində olan telefondan “Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nəlayiq ifadələr işlədib tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib.

SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 4-12-2019, 13:38