mobil versiya

Bakıda hərrac şikrətinin özbaşınalığı: məmurun xeyrinə vətəndaşın evi gizli satıldı




Bakıda vətəndaşın xəbəri olmadan mənzili hərraca çıxarılıb və dəyərindən iki dəfə ucuz qiymətə, borclu olduğu şəxsə satılıb.

Musavat.com xəbər verir ki, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən 5A saylı evin 29 saylı mənzilində yaşayan Fətullayev Kənan Yavər oğlu Xanbala Əliyev adlı şəxsə 100 min dollar borcu olub. Borc qaytarılmadığı üçün X.Əliyev məhkəməyə müraciət edib.

Borc necə yaranıb?

Kənan Fətullayev iş görmək adı ilə Xanbala Əliyevdən sələmə 100 min dollar pul alıb. Onları Kənan Fətullayevin bibisinin oğlu tanış edib.

Kənan Fətullayev aldığı pulla əvvəlcədən tanış olduğu iki nəfərlə biznes qurmağı planlaşdırıb. Planlarına görə, onlar İrandan Rusiyaya satmaq üçün mal aparcaqlarmış. Lakin K.Fətullayev aldadılıb. Ümumilikdə biznes qurmaq adı ilə tanış olduğu iki nəfərə 447 min manat pul verib. K.Fətullayev ayrı-ayrı şəxslərdən aldığı 447 mini geri ala bilmədiyi üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Şikayətdən sonra pulunun bir hissəsini geri ala bilib. Digər hissəsini ala bilmədiyi üçün X.Əliyevin borcunu qaytara bilməyib. Amma bu müddət ərzində bir neçə ay X.Əliyevin pulunun sələmini ödəyib.
Məhkəmə çəkişməsi və qanunsuzluq...

K.Fətullayev deyir ki, Xanbala Əliyevin qanunsuz əməlləri nəticəsində mülkiyyətində olan mənzilini itirmək təhlükəsi ilə üz-üzə qalıb.

O, iddia edir ki, həmin məbləğin 80 min dollarını faiz şəklində ödəsə də X.Əliyev onun barəsində məhkəmədə 100 min dollarlıq iddia qaldırıb. K.Fətullayev də faizləri ödəməsini sübut edə bilməyib.

Nərimanov Rayon Məhkəməsi X.Əliyevin iddiasını təmin edib. K.Fətullayev iddia edir ki, X.Əliyev qanunsuz təsirlərlə məhkəmənin belə bir qərar çxıarmasına nail olub.

Məhkəmə qətnaməsinin icra olunması üçün Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə icra vərəqəsi göndərilib. İcra sənədinə əsasən K.Fətullayevin mülkiyyətində ipoteka predmeti olan mənzilin açıq hərracda satılmasına qərar verilib.

K.Fətullayev deyir ki, borclu olduğu X.Əliyev hərrac zamanı da qanunsuz təsirlərini davam etdirib. Mülkiyyətçiyə məlum olmayan qanunsuz üsul və vasitələrlə hərrac təşkil edən “Külək” MMC-nin onun xeyrinə qərar verməsinə nail olub. Bunun nəticəsi olaraq “Külək” MMC mənzil sahibi olan K.Fətullayeva heç bir xəbər vermədən hərracı təşkil edib.

Mənzil dəyərindən iki dəfə ucuza olmaqla 169 min manata X.Əliyevə satılıb.

320 minlik evi 169 minə necə satıblar?

K.Fətullayev bildirir ki, mənzili Nərimanov rayonunda ən bahalı binalardan birində yerləşir və bazar qiyməti 320 min manatdır.

“Hərrac və qiymətləndirmə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirilib. Mən mülkiyyətçi olduğum halda hərrac keçirilən zaman mənə heç bir məlumat, bildiriş verilməyib. Mənzilin qiyməti də qanunsuz olaraq iki dəfə ucuza hesablanıb. Amma qanunamüvafiq hərrac keçirilsəydi, mənzilin satılamasından qalan pulla mən özümə başqa bir mənzil ala bilərdim”,- deyə K.Fətullayev bildirir.

K.Fətullayev qeyd edir ki, “Külək” MMC-nin protokolunun etibarsız sayılması üçün məhkəməyə müraciət edib:
“Məhkəmə yekun qətnamə qəbul edənə qədər Nərimanov Rayon İcra və Probasiya Şöbəsi icra sənədinin icra edilməsini dayandırmalıdır. Bu ev mənim və ailəmin tək sığınacağıdır. Əgər evimiz bu cür qanunsuz şəkildə əlimizdən alınacaqsa, biz nə edə bilərik? Mən ölkə rəhbərliyinə, rəsmi qurumlara da müraciət etmişəm. Bizim səsimizə səs verilməlidir. İcra şöbəsi dekabrın 7-də saat 11:00-da bizi evdən çıxaracaq”.

K.Fətullayev hazırda işlə əlaqədar Rusiyadadır. Mənzildə hazırda onun xanımı və övladları var. O bildirir ki, yoldaşı və övladları koronavirusa yoluxublar. Onların bu şəraitdə evdən çıxarılması mümkün deyil: “İcra məmuruna müraciət etsək də icra sənədinin icrasını təxirə salmır”.

Maraqlıdır ki, X.Əliyev məhkəməyə 100 min dollarlıq, yəni 170 min manatlıq iddia ilə müraciət edib. Onun müraciəti təmin edilib və K.Fətullayevin mənzili hərraca çıxarılıb. İlkin qiymət 250 min manat müəyyənləşdirilsə də mənzil 169 min manata X.Əliyevə satılıb. Bununla da K.Fətullayevin borclu olduğu X.Əliyevə 1000 manat da borcu qalır...

Qeyd edək ki, ipoteka haqqında Azərbaycan Respublikasının Qanunun 42.1-ci maddəsinin tələbinə görə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayan və ipoteka qoyana verilməsi təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən gec 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 gün qalmış ikinci elan verilir.

Bildirək ki, X.Əliyev məmurdur və Naxçıvanda dövlət qurumlarında birində yüksək vəzifə tutur.



SON XƏBƏR / GÜNDƏM
Tarix: 6-12-2020, 14:46