mobil versiya

Öldürdüyü kişini yandırıb istisinə qızındı - Bakıda törədilən dəhşətli qətlin təfərrüatı



Törətdiyi qətl hadisəsinə görə saxlanılan 1986-cı il təvəllüdlü Gəncə şəhər sakini Tuqay Gündüz oğlu Bayramov soyuqdan qızınmaq məqsədilə içki yoldaşını yandırdığını etiraf edib.

Hadisə haqda Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Daha əvvəl verilən açıqlamada Bakı şəhəri, Nərimanov rayonu Nürəddin Süleymanov küçəsində aparılan tikinti çuxurundan Naxçıvan şəhərində qeydiyyatda olan 1964-cü il təvəllüdlü Adəm Qibləli oğlu Abdullayevin yanmış cəsədinin tapılması barədə məlumat verilmişdi.

Meyitin ekspertizası zamanı həkimlər çoxlu sayda bıçaq yaraları aşkar ediblər. İlkin məlumata əsasən, qətl hadisəsi başqa ünvanda həyata keçirilib. Cinayətin iştirakçıları öldürülən şəxsi avtomobil vasitəsilə Nürəddin Süleymanov küçəsinə gətirərək, tikinti aparılan ərazidə çuxur yerinə atıb, hadisə yerindən uzaqlaşıblar. 

Fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333 (hərbi hissəni özbaşına tərk etmə) və 334-cü (fərari) maddələri ilə əvvəllər mühakimə edilmiş Tuqay Bayramov saxlanılıb.

Eyni zamanda, məlum olub ki, qətldən bir müddət öncə A.Abdullayev T.Bayramovla birlikdə spirtli içki qəbul ediblər. Bu məqsədlə onlar yaxınlıqda yerləşən apteklərin birindən tibbi spirt alıblar. Alkoqol qəbulundan sonra tərəflər arasında mübahisə yaranıb. Tərəflər bir-birini təhqir etməyə başlayıb. Mübahisə nəticəsində Tuqay Bayramov bıçağa əl ataraq dostunu öldürüb.

İlkin istintaq dövründə hadisənin bir neçə şəxs tərəfindən həyata keçirildiyi barədə şübhələr olsa da, saxlanılan şəxs etiraf edib ki, cinayəti tək törədib. 

İzahatının davamında qatil öldürdüyü şəxsin cəsədini sürüyərək, tikinti çuxuruna atdığını deyib. Tuqay Bayramov cəsədi qızınmaq məqsədilə yandırdığını etiraf edərək, bir qədər atəşin yanında durduqdan sonra hadisə yerini tərk edib.

BANNER / KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 25-11-2019, 17:32