mobil versiya

1703 azərbaycanlıdan yalnız 76 nəfərə yaşamaq icazəsi verilib – ALMANİYADA



Almaniyadan sığınacaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının yeni statistikası açıqlanıb.

“Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, 2019-cü ilin ilk 8 ayı ərzində 1361 Azərbaycan vətəndaşı qaçqın statusu almaq üçün Almaniya Federativ Respublikasının Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsinə (BAMF) müraciət edib. BAMF-dan sözügedən mərkəzə verilən məlumatda bildirilir ki, Onlardan 950 nəfəri ilk dəfə, 411 nəfəri isə təkrar ərizə ilə müraciət edən şəxslərdir.

2019-cu ilin 8 ayı ərzində qaçqın statusu üçün həmvətənlərimizin müraciətləri üzrə 1703 qərar qəbul edilib. Onlardan 6 nəfərin sığınacaq haqında ərizəsi üzrə müsbət cavab, 47 nəfərə qaçqın statusu verilib. Qaçqın stausu haqqında qanunun 41-ci paraqrafına əsasən 15 nəfərin subsidiar müdafiə haqqında ərizəsi üzrə müsbət qərar qəbul edilib. Almaniyada yaşayış yeri haqqında qanunun 60-cı paraqrafının V və VII hissələrinə əsasən Azərbaycana deportasiyanı qadağan edən hallar mövcud olduğu üçün 8 nəfərə müvəqqəti yaşayış icazəsi verilib.
Beləliklə, 2019-cu ilin 8 ay ərzində cəmi 76 nəfərin müraciəti üzrə BAMF müsbət qərar qəbul edib və onlara Almaniyada müvəqqəti yaşayış icazəsi verib.

906 nəfərin qaçqın statusu haqqında müraciətinə isə rədd cavabı verilib. Almaniyada qaçqın statusu haqqında ərizəsinə baxılmasının mümkünsüzlüyü nəzərə alınan 721 nəfərin isə müraciətinə baxılmaqdan imtina edilib. Buna “Dublin müqaviləsi”nə əsasən başqa ölkələrə göndərilməsi gözlənilən şəxslər, müraciətdə qaçqın statusu əlamətlərinin olmaması və s. hallar aiddir.

Bu isə o deməkdir ki, ümumilikdə müraciətinə baxılan 1703 nəfərdən 1627 nəfərə bu və ya digər formada rədd cavabı verilib.
KARUSEL / SOSİAL / CƏMİYYƏT
Tarix: 6-10-2019, 01:38