“Mühacir alveri” qurbanlarını Azərbaycanda nə gözləyir
Tanınmış hüquqşünas: “Almaniya qanunları nəzərdə tutmasa belə, onların Azərbaycanda məsuliyyət məsələsi var...”
Almaniyada mühacir alveri ilə məşğul olan dəstənin ifşa edilməsi, saxta sənəd hazırlamaqda şübhəli bilinənlərin saxlanılması işi getdikcə böyüyür. Almaniyada saxta sənədlə qaçqın statusu alan “Mühacir alveri” qurbanlarının yaşama izninə yenidən baxıla biləcəyi ilə bağlı ciddi müzakirələr gedir.Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsinin (BAMF) əvvəllər də bununla bağlı qərarları olub. Ötən günlərdə Almaniyanın 6 əyalətində “mühacir alveri” ilə məşğul olan cinayətkar dəstənin üzvlərinin saxlanılmasından sonra Almaniya mediası BAMF rəhbərliyini sərt şəkildə tənqid edib. Televiziya verlişlərdə danışan miqrasiya mütəxəssisləri bildiriblər ki, BAMF-in maddi texniki bazası gücləndirilsə də, federal idarə hələ də qaçqın və miqratlarla bağlı məlumatları dəqiqləşdirə bilmir. Onlar Almaniyadan sığınacaq istəyən şəxslərin kimlikləri ilə bağlı məlumat verməyib sonradan ölkədə terror aktı törətməsini misal çəkiblər.
Mütəxəssislər bildiriblər ki, BAMF “Miqrant alveri” ilə bağlı saxlanılan cinayətkar qrupun üzvlərinin “xidmətindən” yararlanıb, yaşamaq icazəsi alanların işinə yenidən baxmalı və bunun nəticəsini ictimaiyyətə açıqlamalıdır. Qeyd edək ki, keçən il Almaniya sığınacaq statusu verdiyi 100 mindən çox şəxsin işinə yenidən baxıb. 2017-ci ildə isə yenidən yoxlanılan işlərin 2527-si barədə yekun qərar verilib.
O vaxt Almaniya Daxili İşlər Nazirliyindən bildirilmişdi ki, işlərə yenidən baxılması normal prosesdir. Çünki BAMF-in yerli şöbələrində nazirlik əməkdaşlarının yoxlamaları zamanı qaçqın statusunun verilməsi barədə bəzi qərarların tələsik, sənədlərin yoxlanılmadan verildiyi ortaya çıxıb.
Azərbaycandan Almaniyaya gedib orada mühacir statusu alanların işi üzrə araşdırmalar çərçivəsində də belə status alanlar müəyyən olunub. Bundan sonra Almaniyada mühacir statusu almış və belə müraciət etmiş 140-ə Azərbaycan vətəndaşı deport olunub.
Ölkəyə qaytarılan həmin şəxslərlə bağlı hansı hüquqi prosedurlar tətbiq olunur? Almaniyada sənədlərinin saxtalaşdırılması və qeyri-qanuni miqrasiyada şübhəli bilinərək saxlanılaraq deport edilən vətəndaşları nə gözləyir? Onlar həbs edilə bilərlərmi?
Tanınmış hüquqşünas Əkrəm Həsənov deyir ki, ortada sənədlərin saxtalaşdırılmasına dəlalət edən məlumatlar var: “Sənədlər saxtalaşdırılıb. Həmin sənədlərin Azərbaycanda saxtalaşdırılması ehtimalı var. Deport olunan şəxslərin saxtalaşdırılmada iştirakı sübut olunsa, onlar məsuliyyət daşıyırlar. Hətta bu əməl Almaniyada baş veribsə, yəni cinayət əməli orada törədilibsə, bu halda Azərbaycan qanunvericiliyinin tələbi budur ki, saxtalaşdırmada iştirak edən Azərbaycan vətəndaşı məsuliyyət daşıyır. Yəni Almaniya qanunları ilə cəza nəzərdə tutulmasa belə, həmin şəxslərin Azərbaycanda məsuliyyət məsələsi var”.
Əkrəm Həsənov deyir ki, sənədlərin saxtalaşdırılması məsələsi sübut olunacaqsa, deport olunanları həbs gözləyə bilər: “Digər məsələ isə bu şəxslərin özlərini dissident kimi təqdim edərkən Azərbaycanda təzyiqlərə, təqiblərə məruz qaldıqlarını deyiblər. İndi isə bu adamlar geri qaytarılıblar. Təzyiq, təqib məsələsi araşdırılsa, konkret şəxslərə böhtan atılması müəyyən edilə bilər. Bu halda böhtanla bağlı da məsuliyyət məsələsi ortaya çıxır. Amma böhtan da gərək ünvanlı olsun. Konkret şəxslərin adları çəkilsin. Çəkilməyibsə, böhtan məsələsi üzrə cinayət məsuliyyəti yoxdur”.
Əkrəm Həsənov deyir ki, Azərbaycana deport olunan vətəndaşların məhkum edilməsi arzuolunmaz nəticələr verə bilər: “Bu şəxslərin ölkədən getmə səbəbləri araşdırılmalıdır. Adamlar vətəni qoyub niyə xaricə gedir? Həm də vətənə qayıtmamaq üçün gedirlər. Bunun çox ciddi səbəbləri var. Adamların işsiz olması, qazanc yerlərinin olmaması, ölkədə perspektiv görməmələri onların ölkədən nəyin bahasına olursa-olsun getmək qərarı vermələrinə səbəb olur. Ona görə də bu adamları cəzalandırmaq əvəzinə onları ölkədən didərgin salan problemlər aradan qaldırılmalıdır. Bu adamlar, hansılar ki, Almaniyadan Azərbaycana deport olunublar, elə cəzalarını alıblar. İllərlə orda-burda yaşayıblar, evlərindən, yaxınlarından uzaqda gün keçiriblər, pulları, xərcləri gedib. Bu məhrumiyyətlər elə cəzadır. Bu adamların təkrar cəzalandırılmasına ehtiyac yoxdur. Onsuz da deport olunanlara cəmiyyətin münasibəti də yaxşı olmayacaq. Məndə şəxsən bu adamlara münasibət pisdir. Təbii ki, mənim də ölkədə qəbul etmədiyim xeyli məsələlər var. Əgər bu məsələlər varsa, onları burda qalıb aradan qaldırılmasına çalışmaq daha doğru yoldur, nəinki ölkədən getmək”.
Bəs görəsən, deport olunan şəxslərin cəmiyyətə bərpası istiqamətində hansı işlər görülə bilər?
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, bu, Azərbaycanla Avropa İttifaqı arasında bağlanmış readmissiya müqaviləsi ilə tənzimlənir. Mənşə ölkəsi olaraq Azərbaycandan Avropaya getmiş, yaxud da Azərbaycandan tranzit ölkə kimi istifadə edərək Avropaya gedən şəxsləri geri qaytardıqda Azərbaycan üzərinə onları qəbul etmək öhdəliyi götürüb. Ona görə də kim ki, Azərbaycandan tranzit ölkə kimi istifadə edərək, yaxud da burada müvəqqəti yaşayaraq Almaniyaya gedirsə, Azərbaycanın onları da qəbul etmək öhdəliyi var. Readmissiya çərçivəsində həmin insanlar geri qaytarılırlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onların sosial ehtiyaclarına dəstək göstərilməlidir".
S.Məmmədov deyir ki, ölkəmizə deportasiya olunanlarla həmin vaxt söhbət aparılır:
“Onlar geri dönərkən öz ölkələrindən hansı səbəbdən getdikləri, ehtiyacları barədə sorğu-sual olunurlar. Onların nəyə ehtiyacları olduqları həmin vaxt məlum olur. Əgər deportasiya olunanların işə ehtiyacı varsa və qalmağa yerləri yoxdursa, Azərbaycan dövləti onlara bu məsələdə köməklik etməlidir”.
Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı isə “Sputnik Azərbaycan”a açıqlamasında bildirib ki, hər bir vətəndaşın əmək bazarına daxil olmaq üçün məşğulluq mərkəzlərinə müraciət etmək hüququ var: “Eləcə də deportasiya olunan vətəndaşlar münasib işlərlə təmin olunmaq, aktiv məşğulluq tədbirlərindən yararlanmaq üçün Dövlət Məşğulluq Xidmətinin yerli məşğulluq mərkəzlərinə müraciət edə bilərlər”.
Qeyd edək ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” sazişlə dövlət onların normal həyata adaptasiyasını - cəmiyyətə təkrar reinteqrasiyasını təmin etmək öhdəliyi götürüb.
MANŞET / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 18-11-2019, 10:50