Şəhid qızı olduğunu deyən sabiq baş məsləhətçiyə İcra Hakimiyyətindən cavab - EKSKLÜZİV (FOTOFAKTLAR)
Xocalı rayon İcra Hakimiyyətindən saytımızda dərc edilən "Mübariz İbrahimovu gənclərə təbliğ edən şəhid qızı başçıdan töhmət aldı: Gənc fəal Prezidentə müraciət etdi-VİDEO" adlı sərlövhəli yazıya münasibət bildirilib. Rayon İcra Hakimiyyətindən saytımıza göndərilən cavab mətnində bir çox mətləblərə toxunulub. Bundan başqa qeyd edilən nüanslar sənədlərlə öz əskini tapıb.
REPORTYOR.AZ olaraq Xocalı rayon İcra Hakimiyyətinin mövqeyini olduğu kimi dərc edirik:
"Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin sabiq baş məsləhətçisi Abışova Aynurə Eyvaz qızı haqqında məlumatları aşağıdakı formada nəzərinizə çatdırmaq istəyirik.
Abışova Aynurə Eyvaz qızına Dövlət Qulluğu Haqqında Qanunu və Dövlət Qulluqçularının Etik Davranış Qaydaları Haqqında Qanunun müvafiq maddələrini kobud şəkildə pozduğu üçün, rəhbərliyə tabeçilik göstərmədiyi üçün 21.08.2015-ci il tarixdə və 24.10.2017-ci il tarixdə töhmət verilmişdir.
Abışova Aynurə Eyvaz qızı 21.08.2015-ci il tarixdə və 24.10.2017-ci il tarixdə verilən töhmətlərdən nəticə çıxarmayaraq etdiyi kobudluqları dəfələrlə təkrar etdiyi üçün Dövlət Qulluğu Haqqında Qanunu və Dövlət Qulluqçularının Etik Davranış Qaydaları Haqqında Qanunun müvafiq maddələrinə əsasən 17.09.2018 - ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Hal-hazırda iş məhkəmə prosesindədir.
Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən 03.03.2020-ci il tarixdə keçirilmiş məhkəmə prosesində Xocalı rayon İcra Hakimiyyətinin iddiası təmin edilmişdir.
Həmçinin onu da qeyd etmək istəyirik ki, Kassasiya şikayəti ərəfəsində Abışova Aynurə Eyvaz qızı 13.12.2019-cu il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbula dəvət olunmuş, ona Xocalı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində "Nümayəndənin müavini" vəzifəsi təklif edilmişdir. Abışova Aynurə Eyvaz qızı bu barədə düşünmək üçün saat 1500-dək vaxt istəmiş, daha sonra öz fikrini bildirəcəyini qeyd etmişdir. Həmin tarixdə Abışova Aynurə Eyvaz qızının iş vaxtı bitənədək fikrinin öyrənilməsi üçün gözlənilmiş, ancaq o heç bir vasitə ilə yekun fikri barədə məlumat verməmişdir. Bir neçə gün sonra isə Xocalı rayon İcra hakimiyyəti Başçısı Aparatına gələrək icra başçısı qarşısına qeyri-etik normalarla bəzi şərtlər qoymuş və qeyd etmişdir ki, əgər başçı öz vəsaiti hesabına mənə 10.000 manat pul vəsaiti ödəyərsə, təklif olunan həmin vəzifəni qəbul edərəm.
Xocalı rayonundan olan bir qrup şəhid ailəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, şəhidlərin vərəsələri (birdəfəlik ödəməni almaq hüququ olan şəxslər) siyahıya baxarkən Abışov Eyvaz Talıb oğlunun adını siyahıda görərkən 07.01.2019 - cu il tarixində ərizə ilə Xocalı rayon İcra Hakiyyəti Başçısı Aparatına müraciət etmişdirlər.
Şəhid ailələrinin ərizəsində Abışov Eyvaz Talıb oğlunun Xocalı faciəsi zamanı şəhid olmadığını və Xocalı Soyqırımından bir neçə il əvvəl avtoqəza nəticəsində öldüyü bildirilmişdir.
Ərizənin araşdırılması üçün rayon əhalisi arasında sorğu keçirilmiş və yazılı izahatlar alınmışdır.
İzahatları yazanlardan biri Ağalarov Vaqif Sadıq oğlu bildirmişdir ki, mən 1986-1995-ci illər ərzində Xocalı rayon Avtomobil Nəqliyyat Müəssəsində müdir vəzifəsində çalışmışam. Tabeliyimdə olan müəssisənin sürücüsü Abışov Eyvaz Talıb oğlunu KAMAZ 5511 markalı avtomobillə Mingəçevir şəhərinə ezam etmişəm. Sözügedən sürücü Mingəçevir ərazisində yerləşən dəmir yolu keçidində 1990-cı ilin payız aylarında qəza keçirərək vəfat etmişdir. Abışov Eyvaz Talıb oğlu heç bir döyüşlərdə iştirak etməmişdir və ölümünün Xocalı faciəsi ilə bağlı heç bir əlaqəsi yoxdur.
İzahat işləri aparıldıqdan sonra Abışov Eyvaz Talıb oğlunun şəhid olub-olmamasının araşdırılması ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə Xocalı rayon İcra Hakimiyyəti Başçısı tərəfindən məktub ünvanlanmışdır.
Ünvanlanmış məktuba əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Xocalı rayon Başçısı Aparatına məktub daxil olmuşdur. Məktubun dördüncü abzasında bildirilmişdir ki, Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsindən Xidmətin Aparatına təqdim edilmiş 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyasında mərhum Eyvaz Abışovun adı keçmir."
REPORTYOR.AZ
SON XƏBƏR / KARUSEL
Tarix: 17-03-2020, 00:36