Bakı metrosunda ikimərtəbəli metro stansiyası olacaq
“Bakı metrosunda Moskvada olduğu kimi, ikimərtəbəli metro stansiyası olacaq”.
REPORTYOT.AZ xəbər verir ki, bunu “Report”a eksklüziv açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.
Ə.Osmanovun sözlərinə görə, gələcəkdə tikiləcək keçid stansiyaların hamısı ikimərtəbəli olacaq: “Gələcəkdə bizim bir neçə keçid stansiyalarımız olacaq ki, onların hamısı 2-3 mərtəbəli olacaq.
Artıq “Həzi Aslanov” stansiyasında bunun bir qismini tikmişik və tikintini davam etdiririk. Həmçinin “Mavi xətt”in tikintisinə başlayanda “Bənövşəyi xətt”in “B-3” stansiyası, bundan əlavə Sarı xətti tikəndə “B-4” stansiyasında da ikimərtəbəli stansiyalar olacaq”.
“Bakı Metropoliteni” rəsmisi Bakıətrafı ərazilərə estakada üzərində quraşdırılan stansiyaların tikintisinin mümkün olduğunu açıqlayıb: “Əgər siz Dubaydakı kimi estakada üzərində olan stansiyaları nəzərdə tutursunuzsa, onu deyim ki, biz Sumqayıt, Şıxov, Ələt istiqamətinə metro çəkmək istəsək bu formada edə bilərik. Çünki həmin yerlərdə Bakı şəhərində olduğu kimi sıxlıq yoxdur.
Həm də bizim metro o qədər də böyük deyil. Şəhərin indiki planına görə, cənab Prezidentin təsdiqlədiyi “Konseptual İnkişaf Sxemi”nə əsasən, biz bu stansiyaların sayını 75-ə çatdırmalıyıq. Biz stansiyaların sayını 75-ə çatdırana qədər şəhər genişlənəcək. Hazırda şəhərin Pirallahı, Mərdəkan və Cənub istiqmətində genişlənməsi gedir.
Biz nümunəni Moskvadan götürməliyik. Orada ildə 10-12 stansiya tikirlər. İlk olaraq stansiya tikilir sonra onun ətrafında mikrorayonlar salınır. Metro olan yerdə evi tikib satmaq daha asan olur. Amma təəssüf olsun ki, bizdə bu metod işləmir. Hərə torpaq sahəsi alır, evi tikir. Onun nə suyu, nə qazı, nə yolu, nə də metrosu yoxdur”.
BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 8-11-2019, 11:32